"Azərbaycan böyük sülh marafonunun finiş xəttinə yaxınlaşır" - Musa Quliyev

15:15 11.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında razılaşdırılan sülh gündəliyi aktuallığını qorumaqda davam edir. Buraya həm iki tərəf arasında sülh mətnindən irəli gələn tələblərin yerinə yetirilməsi, həm də Zəngəzur dəhlizinin açılması istiqamətində prosesin sürətləndirilməsi daxildir. Təbii ki, Bakı və İrəvandan fərqli olaraq bəzi regional güclər ABŞ-nin təşəbbüsləri ilə reallaşacaq bu fundamental əsaslı layihələrin müsbət sonluqla yekunlaşmasını istəmirlər. Hətta bu istiqamətdə özlərinin ikili bəyanatları və konkret addımları ilə də seçilirlər.

Milli Məclisin deputatı Musa Quliyev hafta.az-a bildirib ki, Vaşinqtonda əldə edilən razılaşmalar, imzalanan sənədlər, Amerika-Azərbaycan münasibətlərinin yüksək səviyyəyə qalxması Prezident İlham Əliyevin böyük diplomatik uğuru, növbəti qələbəsidir.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın döyüş meydanında tarixi qələbəsi idisə, Vaşinqtonda Sülh müqaviləsinin paraflanması və əldə edilən razılaşmalar Prezidentin danışıqlar masasında tarixi zəfəridir:

“Vaşinqtonda əldə edilmiş razılaşmalar göstərir ki, bölgədə yeni bir mərhələ başlayır. Bu, davamlı sülh, əməkdaşlıq, etimad mühitinin yaranması və tərəqqi mərhələsidir”.

M.Quliyev qeyd edir ki, Azərbaycan-ABŞ münasibətləri heç vaxt indiki kimi yüksək səviyyədə olmayıb. Onun fikrincə, ABŞ-nin 907-ci düzəlişin tətbiqini dayandırması barədə qərar qəbul etməsi, Strateji tərəfdaşlıq barədə işçi qrupunun yaranması Prezidentin şəxsi nüfuzunun, siyasi ustalığının və diplomatik müdrikliyinin bir nümunəsi kimi ortaya çıxır:

“Vaşinqton müzakirələrinin ən mühüm nəticələrindən biri də ölkənin əsas ərazisindən Naxçıvana birbaşa kommunikasiyaların açılması ilə bağlı razılaşmanın əldə olunmasıdır. Biz bu yola Zəngəzur dəhlizi deyirik, Ermənistanda Sülh kəsişməsi, ABŞ adminstrasiyasında isə Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu adlandırırlar. Amma əsas olan termin deyil, görülən işin mahiyyətidir. Əsas odur ki, kommunikasiyalar, o cümlədən, Zəngəzur üzərindən Naxçıvana gedən yol bərpa olunacaq, Azərbaycan vətəndaşlarının maneəsiz gediş-gəlişi təmin ediləcəkdir. Əsas odur ki, "Bir kəmər, bir yol" layihəsinin yeni bir qolu işə düşəcək, Asiyadan Avropaya və əksinə ən qısa yolla malların və sərnişinlərin daşınması bölgə dövlətlərinə böyük məbləğdə iqtisadi dividentlər gətirəcək. Əsas odur ki, Türk Dövlətləri Birliyinin tarixi coğrafi bağlantısı bərpa ediləcəkdir. Bəlkə də bir neçə il bundan əvvəl belə bir layihənin reallaşması qeyri-mümkün görünürdü, indi isə reallığın bir addımlığındayıq”. 

M.Quliyev qeyd edir ki, Vaşinqtonda aparılan müzakirələrin ən mühüm nəticələrindən birinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsidir:

“Vaşinqton görüşləri bir daha dünyaya bəyan etdi ki, Azərbaycan Prezidenti sülh tərəfdarıdır, ədalətli sülhün, əməkdaşlığın və bölgədə barışın təşəbbüskarıdır. Vaşinqton razılaşmaları bir daha göstərdi ki, Azərbaycan böyük sülh marafonunun finiş xəttinə yaxınlaşmaqdadır. Qarşıda bizi daha parlaq, zəngin rifahla dolu xoşbəxt günlər gözləyir. O gözəl günlərə də birlikdə, qalib və müdrik xalq olaraq cənab Prezidentin rəhbərliyi ilə gedəcəyik”.